Binəqədidə YANAN binada daha bir bədbəxt hadisə- Ölən VAR

Binəqədidə YANAN binada daha bir bədbəxt hadisə- Ölən VAR

Bakının Binəqədi rayonunda yanan binada başladılan təmir işləri zamanı bədbəxt hadisə baş verib.

Bakumedia.az xəbər verir ki, təmir işlərinin tez bir zamanda yekunlaşması üçün işlər sürətlə aparılmağa çalışılsa da, yanğının binanın böyük hissəsini yararsız vəziyyətə çevirməsi işləri daha da ləngidib.  Buna görə də, təmir işlərinə cəlb edilən fəhlələrin tez bir zamanda işi təhvil vermələri üçün gecə-gündüz çalışmaları tapşırılıb.

Binanın təmirində çalışan Masallının Güləbürd kənd sakini 50 yaşlı bir kişi gərgin iş rejiminə tab gətirə bilməyərək ürəktutmasından vəfat edib. Onun öz oğlu ilə birlikdə fəhlə kimi yanan binanın təmirində çalışdığı gələn məlumatlar arasındadır.

15 nəfərin ölümü ilə bütün diqqətləri öz üzərinə toplayan Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərov bu hadisədən sonra yenidən ictimai hədəfə gəlməmək üçün hadisənin gizlədilməsinə çalışır.

Onu da deyək ki, 16 mərtəbəli yaşayış binasının təmir-bərpa işləri “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə həvalə edilib. Şirkətin prezidenti deputat Ağalar Vəliyevdir.

İşləri “Azəraqrartikinti” həyata keçirsə də tikintiyə nəzərəti Xaləddin İsgəndərov və onun komandası həyata keçirir.

Xatırladaq ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasanda yanğın hadisəsi baş vermişdi. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər isə xəsarət almışdı.

//AZXEBER.COM