Putin: “Rusiya dərin böhrandan yayına bilib”

Putin: “Rusiya dərin böhrandan yayına bilib”

Rusiya prezidenti Sankt-Peterburq İqtisadi Forumunda çıxış edərkən, ölkəsinin dərin böhrandan yayına bildiyini deyib.

Vladimir Putin, bununla yanaşı investisiya cəlb edilməsinin əhəmiyyətini vurğulayıb və hökumətə müvafiq təklifləri hazırlamağı tapşırıb.

“Yeni investisiyaların hamısını vergidən azad etmək barədə təklifləri nəzərdən keçirəcəyik”, – deyən Rusiya prezidenti şirkətlərin iqtisadiyyata sərmayə qoyması üçün stimulların yaradılmasına səsləyib.

Putin İraq müharibəsindən sonra “ultimatum dilini seçən” ABŞ-la münasibətlərin soyuqlaşdığını deyib.

Qərblə münasibətlər barədə

O, tərəflər arasında birləşdirici amillərin qaldığını da qeyd edib. Cənab Putin terrorçuluq və qanunsuz narkotik mübadiləsi əleyhinə müştərək mübarizəni misal çəkib.

“Biz heç bir hərbi blok yaratmırıq…Biz qlobal düşünürük, heç vaxt güc mövqeyindən çıxış etmirik”, – NATO blokunu genişlənməkdə qınayan Rusiya prezidenti vurğulayıb.

İqtisadi tədbirin təşkilatçıları tərəfindən “Rusiya Davosu” kimi görülən illik iqtisadi forum cümə axşamı açılıb. Onun işinə qatılanlar arasında 900-dək Rusiya və xarici şirkət rəhbərlərinin olduğu bildirilir. Tədbirdə həmçinin siyasi liderlər və hökumət rəsmiləri iştirak edirlər.

Bu il forumda, Yunanıstan Baş naziri Aleksis Tsipras, Qırğızıstan prezidenti Almazbek Atambayev, Çin Dövlət Şurası sədrinin birinci müavini Zhang Gaoli və Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd ibn Salmanın işitirak edəcəyi təsdiqlənib.

Ənənəyə uyğun olaraq forumun ikinci günündə iştirakçılar qarşısında prezident Vladimir Putin çıxış edir. /BBC Azərbaycanca/