The Eichmann show (Ayhmann şousu)

 The Eichmann show (Ayhmann şousu)

“Ayhmann  şousu” haqqında Azərbaycan dilində informasiya tapmaq müşkül məsələdir. Buna görə də bir ingilis dilli mənbədən tərcümə və təhlil etməyi öz boynuma götürürəm. Beləliklə, Ayhmannın şousuna xoş gəlmisiniz!

Filmin rejissoru:  Paul Andrew Williams

Ssenari müəllifi:  Simon Block

Film 2015-ci il istehsalıdır, yaxşı aktyor və rejissor işinin vəhdətidir.  Sənədli dram janrında çəkilmişdir.  Filmin ssenarisi müharibə cinayətlərində təqsirkar bilinən Nazi Adolf Ayhmannın 1961-ci ildə  dörd ay müddətində baş tutan məhkəməsinin televiziya yayımından bəhs edir. Prodüser Milton Fruchtman (Martin Freeman) iddia edir ki, çəkiləcək film tarixin ən yaxşı şousu, televiziya yayımı olacaq. O, bütün hədə-qorxu, təhdidlərə rəğmən qara siyahıya salınmış rejissor  Leo Hurwitzi (Anthony La Paglia) öz layihəsinə dəvət edir. Filmin çəkilməsi və bütün dünyaya yayımlanması üçün maliyyə xərcini İsrail dövləti qarşılayır.  Ayhmann 6 milyon yəhudinin inanılmaz işgəncələrlə qətlinə səbəb olmuş şəxsdir və məhkəməsində hakimlər qarşısında suallara cavab vermək və öz məğlubiyyətini boynuna alması səhnəsini prodüser Fruchman  bütün bəşərə çatdırmaq istəyir. Lakin Ayhmann gözləniləndən daha ciddi mübarizə aparır, səhvini boynuna almaq istəmir: suallardan imtina edir, vaxtını uzatmağa çalışır. Bu mübarizədə davamsızlığı və ailəsinin də təhlükə altında olduğunu nəzərə alaraq, rejissor Hurwitzi işi yarımçıq qoymaq niyyətinə düşür, lakin prodüser Fruchtmanın səyləri və təkidi nəticəsində, o, yenidən iş başına qayıdır. Filmdə maraqlı fraqmentlərdən biri rejissorun kiçik, həm də böyük “tryuk”udur. Rejissor Leo müttəhim Ayhmanna yəhudilərin ölüm səhnələrinin məhkəmə salonundaca izləməsini və onun gerçək kimliyinin şou boyunca sırf təqsirkarın simasına fokuslanmış formada izləyicilərə təqdim olunmasının tərəfdarıdır və bu, reallaşır. Lakin Adolfun üz cüzgüləri dəyişmir, filmi göz qırpmadan izləyir. Yalnız bir səhnədə üzünün ifadəsinin az hiss olunan dərəcədə dəyişməsini rejissor otağındakı köməkçilərdən biri gülümsəmək kimi dəyərləndirir, lakin rejissor bildirir ki, yanlış başa düşülüb və Ayhmann tamamilə reaksiyasızdır. Onun vecsizliyinin qarşısında heyrət və qəzəb içində boğulur.Filmi izləmək olduqca ağır təsir bağışlayır. Günahsız yəhudilərə heç bir insanlığa, hətta heyvanlığa da sığmayan münasibət göstərilir, müxtəlif işgəncə metodları tətbiq olunur. Lakin sonda xoş niyyət və ədalət qələbə çalır. Ayhmann, qarşısında sadalanan tutarlı dəlil və sübutlar qarşısında çıxılmaz vəziyyətdə qalır. Məhkəmə müttəhimi belə bir ağır cinayətin bu və ya digər şəkildə iştirakçısı olduğuna görə edam cəzasına layiq görür…

 

Xəyalə Əziz