“Məni də düzgün başa düşün…” – Qurbanov qələbədən danışdı

“Məni də düzgün başa düşün…” – Qurbanov qələbədən danışdı

“Hər kəsi təbrik edirəm. Hər iki oyunda qalib gəlməyimiz yaxşı oldu. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Hər bir futbolçuma çox sağ ol deyirəm. “Qəbələ”yə də “Panatinaikos”la oyunda uğurlar arzulayıram”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra media nümayəndələrinə deyib.
Baş məşqçi  “Yanq Boyz” matçını 3-0 hesablı qələbə ilə başa vurduqdan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
– Matçın 70-ci dəqiqəsində Reynaldo və Almeyda kimi aparıcı futbolçuları əvəzləyəcəyinizi düşündük. Ancaq siz fərqli qərar verdiniz.
– Demək olar ki, 70-ci dəqiqədən sonra oyunun tempi düşmüşdü. Milli komandaya gedən futbolçulara istirahət verməyi düşündük. Əfran hələ tam formasını bərpa etməyib. İnanıram ki, millinin düşərgəsindən qayıdandan sonra hər şey qaydasında olacaq.
– “Qarabağ” Azərbaycan futbolunda yeni tarix yazdı. Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Baş məşqçi olaraq nə hisslər keçirirsiniz.
 
– “Qarabağ”ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən bu komandanı çalışdırmaq böyük məsuliyyətdir. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq.
– Yeni futbolçu transfer etmək fikriniz var?
– Hələ ki, 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Məni də düzgün başa düşün. Gərək transfer məsələsində çox götür-qoy edəsən. Açığı deyim ki, hələ də istədiyim bir futbolçu tapmamışam. Seçimimiz əsasən xarici futbolçular üzərində qurulub.
– Ananız müsahibəsində bildirmişdi ki, belə gərgin oyunları izləyə bilmir, həyəcanlanır. Matçdan sonra onunla əlaqə saxladınız?
 – Hələ ki, yox. Bəlkə də mənə ən çox azarkeşlik edən elə anamdır. Uduzanda çox həyəcan keçirir. Onu öpürəm, təbrik edirəm.