Millət vəkilləri “axtarışa verildi” – GOOGLE bu deputatları  tapmır

Millət vəkilləri “axtarışa verildi” – GOOGLE bu deputatları  tapmır

Artıq ölkəni parlament seçkilərindən 2 aydan az bir zaman ayırır. Mübaliğəsiz demək olar ki, cəmiyyətdə parlament seçkiləri ilə bağlı sönük ab-hava olsa da, mətbuat hər gün bu məsələni gündəmdə saxlamağa davam edir.

İlk növbədə onu deyə bilərik ki, parlamentdə danışan, səsləri hər zaman eşidilən deputatlar da var, əksinə, heç danışmayan, səsləri, ünləri eşidilməyən deputatlar da. Hansı ki, bu millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərindən başqa tanıyan barmaqla sayılacaq qədər az insan var.

AZXEBER.COM məhz danışmayan, illərdir parlament kürsüsündə yuxulayan deputatları onların seçicilərindən öncə dünyanın ən böyük axtarış sistemi olan “Google”dan soruşdu.

Görəsən dünyanın internet nəhəngi bizim deputatlarımızı tanıyırmı? Onlarla bağlı nə qədər məlumat ortaya çıxarda bilir?

Uzun və yorucu araşdırmanı sizə qısa olaraq təqdim etməyə çalışacağıq. Məlumat üçün deyək ki, “Google” onlar haqqında geniş məlumatı olanları da tapdı, ümumiyyətlə haqqında kiçik bir məlumat olmayanları da. Nəticə isə həm gülməli, həm də faciəvidir desək yəqin ki, yanılmarıq. Ona görə ki, ortaya çıxan nəticələrə görə “google”də şəkili belə olmayan deputatların sayı onlarladır.

“Google” onları tanıyır…

İlk olaraq “google”un ən yaxşı tanıdığı deputatları sıralamağa çalışdıq. Araşdırmamızın əsasını bir istifadəçinin sistemə daxil olub “Google”da axtarış verərkən sistemin 1 saniyədən az bir vaxtda həmin deputat haqqında çıxardığı məlumatlar təşkil edir. Məhz “google”un tanıdığı deputatlar deyərkən, bu qrupa aid olanlar haqqında sistemin öz bazasında daha çox məlumatlara, fotoşəkillərə sahib olması nəzərdə tutulur. Siyahını məhz bir saniyədən az bir vaxtda haqqında 500 mindən aşağı düşən rəqəmlərlə sıraladıq. Son olaraq siyahını 100 mində saxladıq.

1.Mehriban Əliyeva (0,34 saniyədə 492.000 nəticə)

2.Aqil Abbas (0,46 saniyədə 408.000)

3.Fazil Mustafa (0,84 saniyədə 392.000 nəticə)

4. Ceyhun Osmanlı (0,22 saniyədə 374.000 nəticə)

5.Rövnəq Abdullayev (0,45 saniyədə 363.000)

6.Oqtay Əsədov (0,53 saniyədə 356.000 nəticə)

7.Adil Əliyev (0,48 saniyədə 351.000)

8.Siyavuş Novruzov (0,38 saniyədə 349.000 nəticə)

9.Qənirə Paşayeva (0,44 saniyədə 331.000nəticə)

10.Səməd Seyidov (0,47 saniyədə 327.000 nəticə)

11.Azay Quliyev (0,33 saniyədə 289.000 nəticə)

12.Zahid Oruc (0,41 saniyədə 282.000 nəticə)

13.Aydın Abbasov (0, 36 saniyədə 280,000)

14.Bahar Muradova (0,62 saniyədə 279.000)

15.Nizami Cəfərov (0,48 saniyədə 266.000)

16.Eldar İbrahimov (0,52 saniyədə 264.000)

17.Musa Quliyev (0,52 saniyədə 259.000)

18.Vahid Əhmədov (0,53 saniyədə 255.000)

19.Zeynəb Xanlarova (0,40 saniyədə 254.000)

20.Sabir Rüstəmxanlı (0,36 saniyədə 235.000 nəticə)

21.Əli Hüseynli (0,58 saniyədə 207.000)

22.Fərəc Quliyev (0,54 saniyədə 206.000)

23.Fuad Muradov (0,53 saniyədə 195.000)

24.Etibar Hüseynov (0,41 saniyədə 188.000)

25.Çingiz Qənizadə (0,62 saniyədə 182.000)

26.Hadı Rəcəbli (0,56 saniyədə 170.000)

27.Cəlal Əliyev (0,61 saniyədə 162.000 nəticə)

28.Ziyafət Əsgərov (0,57 saniyədə 162.000nəticə)

29.Aydın Mirzəzadə (0,37 saniyədə 152.000 nəticə)

30.İqbal Ağazadə (0,36 saniyədə 147.000 nəticə)

31.Asim Mollazadə (0,45 saniyədə 140.000 nəticə)

32.Elxan Süleymanov (0,47 saniyədə 134.000)

33. Bəxtiyar Sadıqov (0,56 saniyədə 130.000 nəticə)

34. Abel Məhərrəmov (0,36 saniyədə 124.000 nəticə)

35. Qüdrət Həsənquliyev (0,45 saniyədə 116.000 nəticə)

36. İlyas İsmayılov (0,47 saniyədə 103.000)

Siyahıda yer almayan digər deputatların isə 100 min civarında və ondan aşağı məlumat bazalarının olmasına görə qeyd etmədik. Araşdırmamızı 3 hissəyə bölsək adı qeyd olunmayan millət vəkillərini nə aktiv, nə də passiv siyahıya əlavə etmək olar. Bu məlumatlar nə qədər az olsa da, “Google” bu deputatları orta qiymətləndirib və onlar haqqında məlumatları ortaya çıxarıb.

“Google” onları tapmaqda acizdir…

5 ildir deputat mandatına sahib olan, amma dünyanın ən böyük axtarış sistemində belə onlar haqqında məlumat azlığı olan millət vəkilləri əsasən parlamendə “danışmayan deputatlar” kimi tanınan şəxslərdir. Araşdırmamız nəticəsində o da aydın oldu ki, sistem bəzi deputatların şəkillərini belə tapmaqda acizdir.

Malik Həsənov – 67 saylı Cəlilabad şəhər seçki dairəsi

Parlamentdə son 5 ildə “danışmayan deputatlar” siyahısında ön sıralarda duran Malik Həsənov “Google”un yaddaşında da öz deputat fəaliyyəti kimi passiv qalıb. Sistem Malik Həsənov adını axtarışa verdikdən sonra onun cəmisi bir şəkilini tapa bilir. Kiçik ölçüdə olan bu şəkil Milli Məclisin rəsmi saytında (meclis.gov.az) onun haqqında yazılan kiçik məlumatın yanında yerləşdirilib. Maraqlı olan bir digər məqam isə, deputatın adını yazıb şəkilini axtararkən onun yerinə qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovunşəkilinin daha çox çıxmasıdır.

Fərhad Qəribov – 57 saylı Kürdəmir seçki dairəsi

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan deputat Fərhad Qəribov da “Google”dan incik düşən millət vəkillərindəndir. “Dünya devi” Fərhad Qəribovun 3-4 şəkilini taparaq istifadəçiyə göstərir. Ancaq maraqlı olan məqam ondan ibarətdir ki, şəkillərin hamısı “kollaj” edilmiş və fotoşop proqramı vasitəsi ilə montaj edilmiş şəkillərdir. Bu şəkilin orjinalı isə Milli Məclisin rəsmi saytında (meclis.gov.az) onun haqqında yazılan kiçik məlumatın önündə yerləşdirilib. Onu da əlavə edək ki, “Google” deputat haqqında yalnız onun biznes fəaliyyəti ilə bağlı yazılan tənqidi materialları tapıb istifadəçiyə təqdim edir. Bu məlumatlar arasında deputatın son 5 ildə seçiciləri ilə görüşməsiylə bağlı heç bir məlumat yoxdur.

Hacı Salayev – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi

Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputat haqqında sistem daha çox onun məşhur milyarder Telman İsmayılovla qohum olması ilə bağlı məlumatları tapır. Bu məlumatlar arasında müxtəlif dövürlərdə mətbuatda Hacı Salayevin “biznesmen deputat”lardan olması ilə bağlı yazılan xəbərlərə də rast gəlmək mümkündür. Deputatın da fəaliyyəti dövründə sakit qalan deputatlar arasında ön sıralarda durması, onu “google”da son yerlərə düşməsi ilə nəticələnib. Hacı Salayevin axtarış sistemində 5-6 şəkili çıxır.

Ərəstun Cavadov – 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi

Aqrar siyasət komitəsinin üzvü olan Ərəstun Cavadov haqqında məlumat əldə eləmək “google” üçün də müşkülə çevrilib. Sistem millət vəkili haqqında daha çox onun haqqında mətbuatda yazılan tənqidi məlumatlar və deputatın biznes fəaliyyəti ilə bağlı məlumatları tapa bilir.

Mahir Aslanov – 96 saylı Goranboy – Naftalan seçki dairəsi

Aqrar siyasət komitəsinin üzvü olan millət vəkili haqqında onun daha çox iş adamı kimi fəaliyyəti ilə bağlı yazıları görmək mümkündür. “Google” deputatın 3 orjinal fotosunu tapa bilir. Bunlardan biri onun Milli Məclisin rəsmi saytında (meclis.gov.az) yerləşdirilən fotosu, digəri parlamentdə öz masasında oturarkən, üçüncüsü isə televiziya verilişindən götürülən şəkildir. Təbii ki, 5 illik fəaliyyəti ərzində deputatın 3 şəkillə kifayətlənməsini onun fəaliyyəti ilə bağlı olmasıyla əlaqələndirə bilərik.

İqbal Məmmədov – 78 saylı Lerik seçki dairəsi

Deputat İqbal Məmmədov haqqında yalnız onun biznes fəaliyyəti ilə bağlı dərc edilən məlumatlara rast gəlmək mümkündür. Deputatın Lerik rayonunda yerləşən “Relax” Ailəvi İstirahət mərkəzinin sahibi olması ilə bağlı da mətbuat səhifələrində dərc edilən məlumatlar daha çox gözə dəyir. Amma sistem “biznesmen deputat” kimi tanınan İqbal Məmmədovun bir neçə şəkilini tapır. Bu fotoların böyük hissəsi onun 2010-cu ildəki seçki təşviqatı dövründən çəkdirdiyi şəkillərdir.

Azər Badamov – 51 saylı Qusar seçki dairəsi

Regional məsələlər komitəsinin üzvü olan deputat haqqında “google” çox az sayda məlumat ortaya çıxarda bilir. Azər Badamovun fəaliyyətinin olduqca zəif olması axtarış sistemində də özünü büruzə verir. Maraqlıdır ki, sistem A.Badamovun nəyə görə fəaliyyətsiz olması ilə bağlı APA-ya verdiyi müsahibəni də tapıb istifadəçiyə təqdim edir. Müsahibədə deputat özü də bu gerçəkliyi boynuna alaraq bunun səbəblərini belə izah edir: “Bu haqda bilirəm. Hətta son vaxtlar bəzi saytlar haqqımda yazmağa başlayıblar ki, mən fəaliyyətsizəm, məni heç kim tanımır. Xüsusən də jurnalistlər buna görə məni ittiham ediblər”.

Xanlar Fətiyev -39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

Gəncə Futbol Federasiyasının sədri kimi də çalışan Xanlar Fətiyev parlamentdə öz susqunluğu ilə seçilən millət vəkillərindəndir. “Google” Xanlar Fətiyev haqqında elə onun fəaliyyətinə oxşayan nəticələr ortaya çıxartdı. Axtarış sistemi deputatın son 5 ildə bir seçiciləri ilə görüşməsinə aid heç bir məlumat ortaya çıxarda bilmədi. Məlumatlar əsasən onun haqqında mətbuat səhifələrində tirajlanan biznes fəaliyyəti və Gəncə Avtomobil Zavodundakı yeyintilərlə bağlıdır. Araşdırma nəticəsində “Google” deputatın 4 fərqli fotosunu tapa bildi.

Əsabil Qasımov -79 saylı İmişli seçki dairəsi

İqtisadi siyasət komitəsinin üzvü olan Əsabil Qasımov haqqında cəmiyyətdə olduğu kimi “google”un bazasında da məlumat qıtlığı olduğunu deyə bilərik. İmişlidən seçilən bu deputatın bir orjinal şəkilini tapmaq mümkündür. Onun haqqında olan digər şəkillər keyfiyyətcə aşağı olan fotosunun montaj edilmiş variyantlarıdır. “Google” Əsabil Qasımov haqqında mətbuatda dərc edilən biznes maxinasiyaları və vergidən yayınmalarla bağlı yazıları istifadəçilərə təqdim edir. Deputatın son 5 ildə İmişlidən olan seçicilərlə görüşməsi ilə bağlı heç bir məlumat qeyd olunmayıb.

Ağalar Vəliyev – 11 saylı Qaradağ seçki dairəsi

Millət vəkilliyindən başqa həm də “Azəraqrartikinti” ASC sədri kimi çalışan Ağalar Vəliyevə “parlamentin səssiz” deputatı da demək olar. Yəqin ki, “google”un ünsüyyət bacarığı danışıq yolu ilə olsaydı, sistem bu ifadənin həqiqətə uyğun olduğunu təsdiqləyərdi. Deputat haqqında olduqca az məlumatla rastlaşmaq mümkündür. Sistem onun cəmisi 4 fotosunu tapıb istifadəçiyə göstərə bilir.

Nəriman Əliyev – 70 saylı Masallı şəhər seçki dairəsi

Nəriman Əliyevin bəlkədə zaman-zaman özünün də unutduğu Millət Vəkili adını “google”un yaddaşında axtarmaq bir istifadəçinin son qırılan ümidi ola bilər. Çünki deputatla bağlı ətraflı məlumat, onun seçiciləri ilə görüşlər keçirməsi ilə bağlı hansısa xəbərin izinə belə rast gəlmək mümkün deyil. “Google” parlamentdə “yuxulayan” deputatlardan hesab olunan Nəriman Əliyevin cəmisi bir orjinal fotosunu tapa bilir. Bu şəkil isə onun deputat olması haqqında Milli Məclisin rəsmi saytında yerləşdirilən bir cümləlik informasiyanın qarşısında gedir. Mübaliğəsiz bu cümləyə deputatın fəaliyyətinin tənqid olunmadığı yeganə cümlə də deyə bilərik: “İnsan hüquqları komitəsinin üzvü”.

Nazim Fərəcov – 121 saylı Laçın seçki dairəsi

Nazim Fərəcovun qardaşı, Sumqayıtın yeni icra başçısı Zakir Fərəcova görə cəmiyyətdə tanındığını deyə bilərik. “Google” axtarış sistemi də məhz bu faktı təsdiqləyir. Çünki deputatın şəxsi bioqrafiyasından başqa onun haqqında ətraflı bir müsahibəyə, hansısa mövzu ilə bağlı açıqlamaya rast gəlmək “google”nin də aciz qaldığı məsələdir. Laçından seçilən deputatın cəmisi bir şəkilini tapmaq mümkündür. informasiyanın qarşısında olan şəkilidir.

Aslan Cəfərov – 77 saylı Astara seçki dairəsi

İqtisadi siyasət komitəsinin, eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvi olan Aslan Cəfərov da parlamentin az danışan deputatlarındandır. Onun aktiv fəaliyyətdə olmaması “google” üzərində apardığımız araşdırmadan da bir daha ortaya çıxdı. Deputat haqqında demək olar ki, çox az sayda məlumat əldə etmək mümkündür. Sistem axtarışımız zamanı onun cəmisi 2 fotoşəkilini ortaya çıxarda bildi. Hər iki şəkili ölçücə çox balaca və keyfiyyətsiz şəkillər hesab etmək olar.

Rüstəm Xəlilov – 64 saylı Sabirabad ikinci seçki dairəsi

Rüstəm Xəlilov haqqında da məlumatların azlıq təşkil etdiyini deməyə yetərincə səbəblər var. Axtarışımız zamanı onun cəmisi 3 şəkili ilə rastlaşdıq. Onun seçiciləri ilə görüşlərə aid heç bir məlumatına rast gəlmək mümkün olmadı. Parlamentin “danışmayan deputatları”ndan sayılan R.Xəlilov elə “google”un da tanımadığı deputatlar arasında yer alır.

P.S. Onu da qeyd edək ki, bu araşdırma 2010-2015-ci illərdə parlamentdə təmsil olunan millət vəkillərinin məhz bu illər ərzində göstərdikləri fəaliyyəti bir də dünyanın ən böyük axtarış sisteminin gözü ilə ölçmək idi. Artıq 5 ilin sonunda yeni vədlər səsləndirəcək bu insanlara inanınb, inanmamaq isə hər halda seçicilərin özünə qalan məsələdir.

Araşdırmanı hazırladı:

AZXEBER.COM-un Analitik Şöbəs