Ekstrim həvəskarları Şəkidə toplaşdılar

Ekstrim həvəskarları Şəkidə toplaşdılar

KANAL S (REGİON TV) xəbər verir ki, Şəkidə ilk dəfə olaraq həvəskar və macərasevər sürücülər üçün off-road təlimi keçirilib.

Layihə çərçivəsində 10-a yaxın ekstrim həvəskarı öz bacarıqlarını ortaya qoyub.

Şəkidə keçirilən off-road aksiyasında iştirak edən avtomobillərdən ibarət karvan şəhərin mərkəzindən start götürüb və xüsusi hazırlanmış əraziyə yol alıb.

Şəki 2016 Yay Ekstremal İdman Düşərgəsinin icraçı direktor Sabir Səfərov: “Adətən, off-road dağlıq ərazidə olur. Ancaq biz burada xususi məkan təyin etmişik. Öz məharətlərini göstərmək üçün iştirakçılara lazım olan imkanlar yaradılıb”.

Əyləncə xarakteri daşıyan təlimdə iştirakçılar növbə ilə maneələri dəf edib, öz məharətlərini göstəriblər. Bəzi sürücülər çətin anlar yaşayıblar. Burada məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, regionlarda avtomobil həvəskarlarının bu idman növünə marağının artırılmasıdır.

Sabir Səfərov: “Biz mütəmadi olaraq belə tədbirləri həyata keçirəcəyik. Növbəti yayda Şəkidə, eləcə də Qafqazda ilk dəfə olaraq yay ekstremal idman növləri düşərgəsi təşkil etməyi planlaşlaşdırırıq”.

Keçirilən tədbir sürücülərin vaxtının əyləncəli və səmərəli təşkili ilə yanaşı, ekstrim və yolsuzluq şəraitində avtomobil idarə etmək bacarığının aşılanması məqsədini də daşıyır.

İştirakçı Azər Həmidli: “Bu idman növü ilə təzə məşğul olmağa başlayıram. Burada məqsədim əylənməkdir. Tədbir əla, superdir. Təşkilatçılara təşəkkür edirəm. Bir gənc kimi, bütün gənclərə belə idman növlərində özlərini sınamağı məsləhət görürəm”.

Qeyd edək ki, ekstrim həvəskarları daha sonra paraplan idman növündə öz bacarıqlarını göstərmək niyyətindədirlər. Bu tədbirdə xüsusi təlim keçmiş ekstrimçilər iştirak edəcəklər.