“Daha bir gənci xilas edək” layihəsinə yekun vuruldu

“Daha bir gənci xilas edək” layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Daha bir gənci xilas edək” layihəsi başa çatmışdır.

Layihə rəhbəri Aynur Hüseynovanın Bakumedia.az-a verdiyi məlumata görə VII qrant müsabiqəsində qalib olduğu layihə çərçivəsində çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir.3 ay davam edən layihədə məqsəd gəncləri zərərli vərdişlərdən çəkindirməyə yönəltmək, onları narkotik vasitələr, spirtli içkilər və s. bu tipli zərərli vərdişlərin ziyanları barədə maarifləndirmək, cəmiyyətə xeyirli, sağlam düşüncəli gənclərin yetişdirilməsi yönündə atılan addımlara öz töhfəsini vermək, gənclərə zərərli vərdişlərin fiziki, sosial, maddi və s. mənfi təsirlərini aşılamaq, onları bu vərdişlərdən çəkindirməkdən ibarət olub.

Layihə müsabiqə şəklində həyata keçirilib. Müraciət tarixi bitdikdən sonra müsabiqədə iştirak edən gənclərə mövzunun ətraflı (hüquqi və tibbi cəhətdən) izah olunması məqsədilə həm həkim-psixoloq, həm də hüquqşünas tərəfindən 2 günlük təlim keçirilib. Təlim bitdikdən sonra müsabiqənin şərtləri iştirakçılara bildirilib və müəyyən olunmuş bir ay müddətində “zərərli vərdişlərlə məhv olan gənclik həyatı” mövzusunda iştirakçılar tərəfindən çəkilən qısametrajlı filmlər təqdim edilib. Təqdim olunmuş film nümunələri nəzərdən keçirilib və sonda açıq film günü kimi keçirilən tədbirdə qalib müəyyən olunub. İlk 3 yerin qalibinə pul mükafatı verilib, digər yerin sahibləri isə həvəsləndirici hədiyyə və fərqlənmə sertifikatları ilə təltif olunublar.