ADA tələbələrinin çəkdiyi videoçarx trend oldu - "Bir nəfərlə başlayır"
Siyasət 27 aprel 2026, 14:08

ADA tələbələrinin çəkdiyi videoçarx trend oldu - "Bir nəfərlə başlayır"

ADA Universitetində ənənəvi olaraq keçirilən Hacı Zeynalabdin Tağıyev müsabiqəsi üzrə tələbələrin icra etdiyi "Məndən yox, mənimlə danış" layihəsi çərçivəsində maraqlı videoçarx hazırlanıb.

Layihənin mentoru, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu "Bakumedia"ya açıqlamasında bildirib ki, əsas məqsədləri cəmiyyətdə əlilliyə olan mental münasibəti dəyişməkdir. 

Layihənin icraçısı olan Universitetin tələbələri, Mələk İsalı, İnci Hüseynli, Mədinə Xəlilli, Səid Pirəliyev və Zəhra Hüseynova videoçarxla bağlı aşağıdakıları qeyd ediblər:

"Sizə qısa filmimiz "Bir Nəfərlə Başlayır"ı qürurla təqdim edirik. Bu film sadəcə bir hekayə deyil. Bu, gündəlik həyatda çox zaman fərqinə varmadan etdiyimiz davranışların bir insanın daxili dünyasına necə təsir etdiyini göstərir. Əlilliyi olan insanlara qarşı baxışlar, pıçıldaşmalar, "yazıq" kimi yanaşmalar onların özgüvəninə və mental sağlamlığına ciddi təsir edə bilər. Filmdə bir qızın sadə bir kafe ziyarəti zamanı qarşılaşdığı reaksiyalar və bunun onda yaratdığı hisslər əks olunur, amma eyni zamanda bir ümid mesajı da var. Bəli, biz hamını dəyişə bilmərik, amma maarifləndirdiyimiz hər bir insanla daha anlayışlı və mehriban bir cəmiyyət qurmağa bir addım yaxınlaşırıq. Unutmayaq: empatiya göstərmək, anlayışlı olmaq və hörmət etmək dəyişimin başlanğıcıdır. Filmin çəkilişi və montajında göstərdikləri dəyərli dəstəyə görə "Regional İnkişaf" İctimai Birliyinə @regionalinkishaf və @agency.part "a dərin təşəkkürümüzü bildiririk."

Qeyd edək ki, sosial çarx sosial şəbəkələrdə bir neçə saat içərisində 50000 izləməyə yaxınlaşıb. 

Videoçarxı izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.youtube.com/watch?v=qGBaundH4fs